Mansurov Elçin | Azərbaycan Qəhrəmanları
About Images

Mansurov Elçin Elşən

Mansurov Elçin Elşən oğlu 25 noyabr 1984-cü ildə anadan olub.

Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Elçin Mansurov döyüşlərdə yaxından savaşmışdır.

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.

Azərbaycan Ordusunun mayoru olan Elçin Mansurov 3 il idi ki, Füzuli rayonunda, təmas xəttində xidmət edir və işğal olunmuş əraziləri kəşfiyyat məqsədilə ziyarət edirdi. Həmin gün saat 09:30 radələrində 25 nəfərə qədər olan Elçin Mansurovun qrupu təmas xəttini ilk yaran qruplardan biri oldu. 45 dəqiqə ərzində Elçin Mansurovun qrupu tərəfindən iki dəfə hücum gerçəkləşdi və Ermənistan Ordusunun iki tağımı darmadağın edildi və əvvəlcə, 3, sonra 2 xüsusi əhəmiyyətli post və strateji yüksəkliklər ələ keçirildi. Mansurov həmin yüksəkliklərdə yaralansa da, 12 yaralını döyüş meydanından çıxara bildi. Elçin Mansurov 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə "Burğa dərəsi" adlanan ərazidə qarşı tərəfin ikinci eşelonu yarılan zaman snayper gülləsinin dəyməsi nəticəsində şəhid oldu.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mansurova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mansurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mansurov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mansurov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Mansurov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.


Doğum Günü - 25.11.1984
Anım Günü - 27.09.2020