İsmayılov Camal | Azərbaycan Qəhrəmanları
About Images

İsmayılov Camal Vidadi

Camal İsmayılov 1984-cü il iyulun 7-də anadan olmuşdur.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Camal İsmayılov, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. 

2020-ci il sentyabrın 27-də baş gizir Camal İsmayılov əvvəlcə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Camal İsmayılovun mənsub olduğu tabor üç gün ərzində Füzuli rayonu istiqamətində bir sıra əlverişli mövqeləri işğaldan azad eləmişdir. 

Azərbaycan və Ermənistan bölmələri arasında mövcud olan təmas xətti yarıldıqdan sonra Camal İsmayılov və silahdaşları Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır.  

Cəbrayıl şəhəri və rayonun şərq hissəsi işğaldan azad olunduqdan sonra Xüsusi Təyinatlı Qüvvələr Füzuli istiqamətində döyüşlərə daxil olmuşdur. Ermənistan Ordusunun Füzuli şəhərində qurduğu müdafiə xəttindən dolayı Azərbaycan Ordusu Füzuli şəhərinə Xocavənd rayonu ərazisindən daxil olmağı qərara almışdır. 10 gündən çox Xocavənd rayonu ərazisində davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir. Xüsusi Təyinatlı Qüvvələrin Qrup Komandiri Camal İsmayılov və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstərmişdilər. 

Hadrut qəsəbəsinin işğaldan azad olunmasından sonra bölmələr Füzuli şəhəri istiqamətinə irəliləməzdən əvvəl strateji önəmə sahib olan, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin arasında olan Ərgünəş dağı nəzarətə alınmalı idi. Ərgünəş dağı uğrunda bir neçə gün davam edən döyüşlərin nəticəsində əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Ərgünəş dağı işğaldan azad olunmuşdur. Bundan sonra ayın 14-dən 16-na qədər üç gün ərzində Bulutan, Edilli və Xırmancıq işğaldan azad olunmuşdur. Füzuli rayonu istiqamətində də ciddi irəlləyiş əldə olunmuşdur. Əvvəlcə Füzuli rayonunun qərb hissəsində yerləşən Qaradağlı, Qaraqollu və Xatınbulaq, bir gün sonra (15.10.2020) isə Arış işğaldan azad edilmişdir. 

2 gün ərzində Füzuli istiqamətində ağır döyüşlər olmuşdur. Qısa müddət ərzində Cuvarlı, Çimən, Dədəli, İşıqlı, Musabəyli, Pirəhmədli və Qoçəhmədli işğaldan azad edilmişdir. 

Sonra Azərbaycan Ordusu bölmələri Zəngilan rayonu istiqamətində döyüşlərə qatılmışdır və Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad olunmuşdur. 

Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulmuşdur. Erməni dilində sərbəst danışan Camal İsmayılov Ermənistan Ordusunun briqadasına Hadrutdan başqa istiqamətə yönlənməsini əmr eləmişdir.

Qısa müddət ərzində Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənmişdir. Ayın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlamışdır. Döyüşlər ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olmuşdur. Ayın 19-da Camal İsmayılov Qubadlı rayonu istiqamətində döyüşə daxil olmuşdur. Bu onun son döyüşü olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. 

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. 

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Doğum Günü - 07.07.1984
Anım Günü - 19.10.2020