Hümbətov Azad | Azərbaycan Qəhrəmanları
About Images

Hümbətov Azad Arif

Azad Hümbətov 24 yanvar 1996-cı ildə doğulub.

Azad Hümbətov Füzuli, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Tank tağımı komandiri olan Azad Hümbətov öz həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib çıxarmış və dəfələrlə öz döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxara bilmişdi.

Müharibənin yeni başladığı dövrdə o, komandirlik etdiyi tankı ilə minaya düşür. Özü ayağından yaralanır, tankı idarə edən mexanikinin daha ağır xəsarətlər aldığını gördükdə isə onu yaralı halda 25 km meşə ərazisində belində daşıyaraq 2 gündən sonra öz döyüş postlarına gətirib çıxara bilmişdi. Bundan sonra Azadı Beyləqanda hospitala müalicə üçün göndərirlər. O burada müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdır.

Ailəsi isə onun yaralı vəziyyətdə olmasından, müalicəsini yarımçıq qoyub yenidən döyüş meydanına qayıtmasından yalnız şəhid olandan sonra xəbər tutur. Onu da qeyd edək ki, döyüşlər zamanı rəhbəri olduğu tank bölüyündən, ona ehtiyac olan piyada döyüş bölüyünə rəhbər təyin edilir. 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə 9 dekabr 2020-ci ildə Hümbətov Azad Arif oğluna (ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 15 dekabr 2020-ci ildə baş leytenant Hümbətov Azad Arif oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant Hümbətov Azad Arif oğlu (ölümündən sonra) 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. 

Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant Hümbətov Azad Arif oğlu (ölümündən sonra) 25 dekabr 2020-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.


Doğum Günü - 24.01.1996
Anım Günü - 27.10.2020