Əliyev Əmiraslan | Azərbaycan Qəhrəmanları
About Images

Əliyev Əmiraslan Rza

30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1967-77-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra, 1977-79-cu illərdə Naxçıvan şərabçılıq zavodunda fəhlə işləmişdir. 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Bir müddət Ukrayna Respublikasında xidmət etmiş, hərbi xidmətini Polşada başa vurmuşdur. 1981-82-ci illərdə Naxçıvan Şüşə Qablar zavodunda, 1982-92-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə işləmişdir. İstehsalatda çalışmaqla yanaşı, təhsilini də davam etdirməyi unutmamışdır. 1982-87-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir.

1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında hərbi xidmətə çağırılmışdır. O, bir sıra məsul vəzifələrdə çalışmış, qarşısında duran vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir. Nümunəvi xidmətlərinə görə baş leytenant Əmiraslan Əliyev qərargahın baş zabiti kimi yüksək vəzifəyə təyin olunmuşdur. Bu vəzifədə xidmət etdiyi müddətdə o, dövlət sərhədinin mühafizəsi sahəsində mühüm işlər görmüş, bir çox sərhəd bölgələrində ciddi qayda-qanun yaradılmasına nail olmuşdur. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə, döyüş hazırlığında əldə etdiyi yüksək nailiyyətlərinə görə baş leytenant Ə. Əliyev hərbi hissə tərəfindən 8 oktyabr 1994-cü ildə Fəxri Fərmanla təltif edilmişdir.

1995-ci ildə bir qrup cinayətkar dövlət çevrilişinə cəhd göstərdiyi zaman baş leytenant Ə.Əliyevə məsuliyyətli vəzifə tapşırılmışdı. O, 1995-ci il martın 17-də bu tapşırığı yerinə yetirərkən dövlətçiliyimizin qorunması yolunda canından keçdi.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əmiraslan Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

“N” sərhəd zastavasında qəhrəmanın “Xatirə otağı” açılmış, və büstü qoyulmuşdur. “N” sərhəd məntəqəsinə Ə.Əliyevin adı verilmişdir.


Doğum Günü - 18.05.2024
Anım Günü - 17.03.1995